Beynəlxalq Amnistiya Təşkilatı Abbas Lisani ilə bağlı açıqlama yayıb
AZerbaycan Oyrenci Herekati : Beynəlxalq Amnistiya Təşkilatı İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həbsdə saxlanmasına dair açıqlama yayıb.
APA-nın məlumatına görə, açıqlamada A. Lisaninin mənsub olduğu millətin İran qanunları çərçivəsində milli haqlarını tələb etdiyi diqqətə çatdırılıb. Açıqlamada o da qeyd olunub ki, buna baxmayaraq, onun barəsində ədalətsiz məhkəmə qərarı çıxarılıb və A. Lisani 2 ilə yaxındır həbsdə saxlanılır. Beynəlxalq Amnistiya Təşkilatı A. Lisaninin cəza yerinin tez-tez dəyişdirilməsini də tənqid edib. Yayılan açıqlamada A. Lisaninin hazırda Yəzd həbsxanasında ağır şəraitdə saxlandığı bildirilib: “Abbas Lisani fikir məhbusu olaraq həbsxanada saxlanılır. O 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində Abbas Lisaninin cəza müddəti daha 1 il artırılıb. Yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. Cəzaçəkmə yerinin tez-tez dəyişdirilməsi ailəsinə təzyiq kimi qiymətləndirilir”. Beynəlxalq Amnistiya Təşkilatı açıqlamasında azərbaycanlıların İranda etnik çoxluq olduğunu da vurğulayıb. Açıqlamada İran prezidenti Mahmud Əhmədinejada, parlament sədri Qulaməli Həddad Adilə, ali məhkəmə qurumunun rəhbəri Mahmud Haşimi Şahrudiyə və Yəzd şəhərinin meri Məhəmməd Rza Fəlləhzadəyə də A. Lisaninin həbsxanadakı vəziyyəti ilə bağlı müraciət edilib.