ABBAS LİSANİYƏ AİLƏSİ İLƏ 15 DƏQİQƏLİK GÖRÜŞ VERİLDİ
Hərəkat fəalı Yəzd zindanında mədə ağrısından əziyyət çəkir
Azerbaycan Oyrenci Herekati: Güney Azərbaycanın milli hərəkat fəalı, siyasi məhbus Abbas Lisaniyə, nəhayət ki, ailə üzləri ilə görüşmək imkanı yaradılıb. Ancaq görüş cəmi 15 dəqiqə çəkib. Güneydən “Mediaforum”a verilən məlumata görə, A.Lisaninin saxlandığı Yəzd zindanının rəhbərliyi ilə uzun danışıqlardan sonra həyat yoldaşı və iki uşağı onunla görüşməyə nail olub.
Ərdəbilli fəalın ailəsi ilə görüşü iki zindan məmurunun hüzurunda mümkün olub. Lisaninin ailəsinin Güney mənbələrinə bildirdiyinə görə, milli fəal Yəzd həbsxanasına aparıldıqdan sonra son dərəcə arıqlayıb. Onun ən azı 10 kilo çəki itirdiyi bildirilir. Yəzd həbsxanasında narkomanlar və cinayətkarlarla eyni kamerada saxlanan A.Lisani hazırda mədə ağrısından əziyyət çəkir. Xatırladaq ki, 2006-cı ildə həbs olunan A.Lisanini martın 4-də ETTELAAT əməkdaşları saxlandığı Əhər zindanından çıxararaq Yəzd həbsxanasına aparıblar.