ACLIĞIN 13-cü GÜNÜ
AZerbaycan Oyrenci Herekati : Aksiya iştirakçılarına xaricdən dəstək artır Dünən aclığın 13-cü günü idi. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdəki baş redaktoru Eynulla Fətullayevin martın 26-dan başladığı aksiyaya azadlıqdakı həmkarlarının dəstəyi isə davam edirdi. Srağagündən etibarən “Yeni Müsavat” qəzetinin redaktoru, eyni zamanda “Gündəlik Azərbaycan” qəzetinin eks redaktoru Famil Cəfərli, “Paralel”
qəzetinin redaktoru Akif Nəsirli və Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı, seçki məhbusu olmuş Yalçın Abbas da aksiyaya başladıqlarını bəyan ediblər. Aksiyaya yeni qoşulanlarla yanaşı, artıq dördüncü gündür ki, aclıq edən hərbi jurnalist Üzeyir Cəfərov, “Realnıy Azerbaydjan” qəzetinin redaktoru Çingiz Sultansoy və AXCP İdarə Heyətinin üzvü Nemət Əliyevin səhhəti ortadır.Dünən həftənin bazar günü olduğu üçün aclıq odasına baş çəkən təşkilatların sayında nisbətən azalma müşahidə olunurdu. Amma səhər saatlarında jurnalistlərə sabiq deputat Nizami Quliyev, habelə AXCP-çilər Tofiq Kərimov və Rövşən Quliyev baş çəkdilər. Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl da aksiya iştirakçılarına dəstək verməklə yanaşı, lazım gələrsə, bu həftədən etibarən onların sıralarına qatıla biləcəklərini dedi. Gün ərzində isə sıravi oxucular, partiya fəalları da jurnalistlərə baş çəkdilər. Günorta ALP-nin sədr əvəzi, ötən həftə aclıq aksiyasında iştirak edən Əvəz Temirxan da aksiyaçıların durumu ilə maraqlanmaq üçün onları ziyarət etdi. Ə.Temirxan bildirdi ki, səhhəti imkan versəydi, aksiyanı daha uzun müddət davam edə bilərdi. O, iştirakçılara səhhətləri imkan verdiyi müddətdə bu aclığı davam etdirməyi məsləhət gördü. Aksiyaçılara baş çəkən gənclər də aksiyaya hazır olduqlarını bildirdilər. Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, VİP-nin eyniadlı strukturunun rəhbəri Nurəddin Babayev da jurnalistlərə dəstək vermək istədiklərini dedilər. T.Abbaslı bu həftədən etibarən müxalifət partiyalarının gənclər təşkilatları olaraq aclıq aksiyasına qoşulmağa hazır olduqlarını vurğuladı.
Norveçdən də aksiyaya qoşuldular
İsveçdəki həmkarlarımız da aclığı davam etdirirlər. Martın 28-dən aclığa başlamış Mübariz Əzimli, Nicat Verdizadə, Əli Məmmədovla yanaşı “Hürriyyət” qəzetinin keçmiş əməkdaşı Vüqar Muradlı və “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Rahib Kazımlı da aclıq aksiyasında iştirak edir. Dünənsə redaksiyamıza məlumat daxil oldu ki, Norveçdə yaşayan həmkarımız Hacıalı Salayev da aclığa qoşulub. O da jurnalistlərin tələbləri yerinə yetirilməyincə, aksiyanı dayandırmayacağını bildirib.
Redaktorun vəziyyəti pisləşdi
Dünən gün ərzində aksiyaçıların vəziyyətində ümumi halsızlıq, başgicəllənmələri müşahidə olunsa da, qəzetimizin redaktoru Famil Cəfərlinin ürək ağrıları şiddətlənmişdi. Axşam saatlarında aclıq odasına gələn Təcili Yardım Xidmətinin əməkdaşları aksiyaçıları müayinə etdi. Məlum oldu ki, hər birinin təzyiqində bir qədər aşağıdüşmə halları mövcuddur. Həkimlər F.Cəfərlinin ürək ağrılarının aclıqla bağlı olduğunu deyərək, ona iynə vurmaq istədilər. Amma aksiyaçı aclıq zamanı belə bir müdaxiləyə yol verilməsinin doğru olmadığını dedi və iynədən imtina etdi.
Bundan başqa, Y.Abbas da başındakı ağrılardan şikayətləndi. Həkimlər onun da qan təzyiqini ölçüb özünü müayinə etdilər. Təcili Yardım Xidmətinin işçiləri vəziyyəti ağırlaşan aksiyaçılara aclığı dayandırmağı məsləhət gördülər.
Aclıq üçün növbədə dayanan jurnalistlər var
Bu arada nəzərinizə çatdıraq ki, son olaraq, srağagün ombudsman Elmira Süleymanovanın 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə görüşü zamanı bəlli olub ki, baş redaktor hələ ki, aclıq aksiyasını dayandırmaq fikrində deyil. Ombudsmanla görüşü zamanı o, tələblərinə gözlənilən reaksiyanın verilməməsini əsas gətirərək, aksiyada israrlı olduğunu bildirib. E.Süleymanova həmçinin cəzaçəkmə müəssisəsində jurnalistin atası Emin Fətullayevlə yanaşı vəkili İsaxan Aşurov və müəssisənin rəisi Aftandil Ağayev və həkimi Nemət Rəhimovla da görüş keçirib. Müvəkkil E.Fətullayein səhhətinin nəzarətdə saxlanılmasını, lazımi məqamda təxirəsalınmaz tədbirlər görülməsini tapşırıb. E.Fətullayevlə yanaşı, türmədə digər jurnalistlər - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və satirik Mirzə Sakit də aclığı davam etdirir. Keçmiş səhiyyə naziri Əli İnsanov da jurnalistlərin tələblərini haqlı sayaraq, aclığı davam etdirir. Bu gündən etibarən isə “Gündəlik Azərbaycan” qəzetinin keçmiş əməkdaşları - Səlim Əzizoğlu və Nemət Hüseynlinin də aksiyaya qoşulacağı gözlənilir. Hələ ki, aksiyaçılardan heç biri aclığı dayandırmaq fikrində deyil. Aclıq odasında aparılan müzakirələrdən biri də aksiyanın neçə gün davam edəcəyi ilə bağlıdır. Jurnalistlərin ilkin olaraq apardıqları müzakirələr zamanı məlum olub ki, E.Fətullayev aksiyanı dayandırsa da, onlar ratasiya yolu ilə aclığı davam edə bilərlər. Ç.Sultansoy bizimlə söhbətində bildirdi ki, dirəniş tələblərin tam yerinə yetiriləcəyi mərhələyə qədər davam etdirilə bilər. Onun sözlərinə görə, aksiyaya qoşulmaq istəyənlərin sayında da artım var. Artıq partiya fəalları, habelə jurnalist xanımlar da aksiyaya qoşulmaq üçün müraciət ediblər: “Xanımlar üçün ayrıca aclıq odasının təşkil olunması barədə də müzakirələr başlayıb. Yəqin ki, sabaha (bu günə - red.) qədər konkret qərar veriləcək”. Bu arada onu da qeyd edək ki, artıq ölkəmizdə səfərdə olan ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin sabah E.Fətullayevlə görüşəcəyi nəzərdə tutulub. Baş redaktor ATƏT nümayəndəsi qarşısında da öz tələblərini səsləndirmək fikrindədir. O, cənab Haraştinin təmsil etdiyi qurumun Azərbayanda siyasi məhbusların azadlığa buraxılması ilə bağlı həll mexanizmini cəmiyyətə təqdim etməsi tələbi ilə çıxış edəcək.