"BİR DİPLOMATIN SENSASİON AÇIQLAMALARI
Azərbaycan Öyrənci Hərəkatı : Rusiya, İran və... Qərb Azərbaycana qarşı “Azadlıq” bloku Rusiya ilə işləyir..., seçki ərəfəsində böyük təxribatlar, qarşıdurmalar gözlənilir...."
“Nəinki Qərb ölkələri, hətta Rusiya və İran da istəyirlər ki, Azərbaycandakı seçkilər Ermənistandakından pis keçsin və cəmiyyət daha da parçalansın...” Bu cümlələrlə başlayan xəbəri ...
müxbirimizə ölkəmizdəki diplomatik missiyalardan birinin təmsilçisi verib. Əcnəbi diplomatın fikrincə, seçkiyə yaxınlaşdıqca ölkəmizdəki gərginlik daha da artacaq, üstəlik qonşu dövlətlər, özəlliklə də Rusiya və İran Azərbaycanın ərzaq qıtlığından daha artıq əziyyət çəkməsi üsün əllərindən gələn hər şeyi edəcəklər.
“Bununla bağlı ortaq plan var və ölkənizi blokadaya oxşayan bir proses gözləyir. Burada ərzaq qıtlığını daha da aktuallaşdırıb ictimai atmosferi gərginləşdirmək və cəmiyyəti qızışdırmaq, ciddi qarşıdurmalar yaratmaq niyyəti var. Hədəf Azərbaycanı daha da zəiflətmək və hakimiyyəti özlərindən asılı vəziyyətə salmaqdır.. Maraqlısı da budur ki, bu dəfə hakimiyyətə və Azərbaycana münasibətdə Qərb ölkələri, o cümlədən ABŞ da eyni maraqları güdür. ABŞ və Avropa ölkələri də istəyirlər ki, Azərbaycandakı seçkilər Ermənistandakından qüsurlu olsun; onlar da əllərindən gələni edəcəklər ki, qarşıdakı seçkidə iqtidarla müxalifət arasındakı qarşıdurma daha da dərinləşsin, millətin müqavimət imkanları sıfra endirilsin, paytaxt Bakıda isə ciddi qarşıdurma səhnələri, qan və itkilərlə müşayiət olunan toqquşmalar baş versin...”
“Niyə” sualı məhz bu məqamda yerinə düşdüyü üçün müxbirimiz də diplomata həmin sualla müraciət edib. Onun cavabı belə olub: “Rusiya Azərbaycan iqtidarını Gürcüstana dəstək verdiyinə görə cəzalandırır. Həm də Rusiyanın Gürcüstanı növbəti dəfə qarışdırmaq, oradakı iqtidarı devirmək planı var. Azərbaycan iqtidarı isə Saakaşvili rejiminə gizli və aşkar şəkildə dəstək verir. Rusiya əmindir ki, məhz həmin dəstəklər olmasaydı, indi Gürcüstanda başqa biriləri iqtidarda idi. Bu baxımdan Rusiya bu dəfə birinci Azərbaycanı, onun iqtidarını vuracaq, cəzalandıracaq, zəiflədib hərəkətsiz qalmağa vadar edəcək, sonra Gürcüstanda devrimə əl atacaq. Bu açıdan Rusiyadan gələn təhlükə ən ciddisi və ən aktualıdır. Yaxın vaxtlarda Azərbaycana qarşı sanksiyalar başlayacaq və bu barədə artıq Azərbaycan iqtidarı da məlumatlıdır. Yeri gəlmişkən, ölkənizin iqtidarı bir çox mətləblərdən, o cümlədən də Rusiyanın demokratik düşərgənin çox önəmli qüvvəsi olan ”Azadlıq" bloku ilə əlaqə yaratmasından və sıx işləməsindən, ona ciddi maliyyə dəstəyi ayırmasından məlumatlıdır. Bu blokun həmsədrlərindən olan Əli Kərimlinin qəfildən, sanki heç bir əsas olmadan iqtidar tərəfindən vurulmasının əsas səbəbi də bu faktla bağlıdır. Belə baxanda Əli Kərimli seçkilərdə də iştirak etməyəcək; qərargahı-filanı da yox, özü də kifayət qədər zəiflədilib. Çox insanlar da təəccüb içində qaldı: Əli Kərimli niyə qəfildən iqtidarın hədəfinə gəldi? Səbəb birdir; “Azadlıq” bloku Rusiya ilə işləmək məsələsini aktuallaşdırıb, onun Azərbaycana qarşı planlarının içində yer alıb və bunu bilən iqtidar da məsələyə çox primitivcəsinə, üzünə-gözünə bulaşdıraraq o cür təpki verdi; guya Əli Kərimli xəbərdar olundu, böyük bir əməliyyatsa deşifrə edildi..."
Öncəki sualımıza tam cavab verməməsinə rəğmən xarici diplomat-müsahibimizin bu iddialarına qarşı da bir sual verdik: “Əfəndim, Əli Kərimli Qərb yönümlü, həm də Amerikaya yaxın olan birisidir. Söylədiklərinizdə bir yanlışlıq yoxmu?”
“Xeyr” deyə cavab verən müsahibimiz buna əminliyini də ifadə etdi: “Yanlış yox. Əli bəy və ”Azadlıq" blokunun digər üzvü Lalə xanım Rusiya ilə çoxdan sıcaq ilişkilərə sahibdirlər və onların ilk işbirliyi 2005-ci il noyabr ayının 26-da olub. Məhz bundan sonra Qərb ondan üz döndərib və hətta mandatının ləğv edilməsindən sonra ABŞ səfiri həmin arada İlham Əliyevi uğurlu seçki yekunları münasibətilə təbrik də etmişdi... Həm də bu əlaqələr yalnız Lalə Şövkət vasitəsilə yaranmayıb. Əli Kərimlinin özünün Rusiya FSB-sinin (Federal Təhlükəsizlik Xidməti-red.) yaxın adamı olan Sakit Allahverdiyev (Rusiya hərbi-sənaye kompleksinin Volqoqraddakı “Aktuba” hərbi zavodunun baş direktoru, əslən Gürcüstan azərbaycanlısıdır-red.) vasitəsilə şimal qonşumuzla muxtar əlaqələri var".
Müsahibimiz yuxarıda irəli sürdüyümüz “niyə” sualının (“nədən” də demək olar-müəl.) davamına qayıdır: “İranın maraqları məlumdur. İslam Respublikasının rəhbərliyi Əliyev rejimini birmənalı şəkildə sionizmin və ABŞ imperializminin müttəfiqi hesab edir və onun getməsi üçün hər şeyə hazırdır. Azərbaycan prezidenti hər nə qədər İranı qıcıqlandırmamaq, narahat etməmək xətti yürütməyə, xoş bəyanatlar verməyə çalışsa da İran yenə də rahat olmur. Çünki pərdə arxasında başqa şeylər dönür. Azərbaycan ABŞ ordusuna, kəşfiyyatına hər cür şərait yaradıb və yaratmaqdadır. Ölkənizə çoxsaylı ABŞ ordusu kontingenti yerləşdirilib. Olası müharibə zamanı Azərbaycan ABŞ uçaqlarına və raket qurğularına açıq olacaq. Həm də Azərbaycan elə bir ölkədir ki, onun sadəcə varlığı İranın bütövlüyünü təhdid edir. Bu baxımdan İranın qarşıdakı seçkidən yararlanmayacağı qeyri-mümkündür. Seçkilərə qədər isə Rusiya və İranın xüsusi xidmət orqanları birgə olaraq Azərbaycana qarşı çox ciddi təxribatlar həyata keçirmək niyyətindədir... Qərbə, ABŞ-a gəldikdə isə... Bu ölkələri narahat edən Dağlıq Qarabağ məsələsidir. ABŞ-ın bütün planları və ümidləri pozulub. Ermənistanda keçirilən qüsurlu seçkilərdən sonra isə Azərbaycan iqtidarının ayağı yer alıb; ermənilər cəmiyyət və millət olaraq - həm də diaspor təsisatlarına qədər - parçalanıblar. Belə bir vəziyyət Azərbaycanı gücləndirir, problemin onun güzəştlərə getməsi hesabına həllinə maneçilik törədir. Bu səbəbdən, eləcə də başqa nədənlərə görə indi Qərb ölkələri də istəyir ki, Azərbaycanda payızda keçiriləcək seçkilər qüsurlu olsun, parçalanma yaratsın, Əliyev rejimi son dərəcə zəifləsin, amma devrilməsin; gözükölgəli və asılı duruma düşsün. Bundan sonra Qarabağda ikinci katolik-erməni dövlətini Azərbaycanın güzəştləri hesabına qurmaq mümkün olacaq. Hər halda Qərb belə fikirləşir və bütün bu düşüncələr Azərbaycana yönəlik Rusiya və İran maraqları, planları ilə eyni işarəlidir, üst-üstə düşür. Bu da ölkəniz üçün ciddi təhlükə yaradır”.
Müsahibimz iddia edir ki, bizim hakimiyyətin davranışlarından onun proseslər və planlar barədə məlumatlı olması aydınca görünür: “Çox təlaşlıdırlar. Lakin atılan addımlar duruma adekvat deyil. İqtidar bu mərhələdə xalq və müxalifətlə kontakta getmək, aranı düzəltmək əvəzinə durumu daha da qəlizləşdirən addımlara yol verir.. Sizin ölkənin müxalifəti vətənpərvərdir, həm də əksəriyyətlə sağçıdır, millətin maraqlarını hakimiyyət maraqlarından daha öndə hesablayır. Bu baxımdan İlham Əliyev çox şanslıdır; müxalif düşərgə ilə irtibat qurması, düşünürəm ki, sizinkilər tərəfindən anlayışla qarşılanar”.
***
Təəssüf ki, bizim iqtidar heç zaman xalqa və onu siyasətdə təmsil edən müxalifətə əl uzatmaq fikrində olmayıb. Bu baxımdan qarşıdan gələn təhlükəli olaylardan onun az itkilərlə qurtulacağı, ümumiyyətlə, qurtulacağı çox şübhəli görünür.
Xatırlayırsınızsa, ötən ay qəzetimizin redaksiyasında keçirilən debatlarda millət vəkili Pənah Hüseyn narahatlıqla bildirmişdi ki, Rusiya və İran Azərbaycana qarşı təxribatlara və ərzaq qıtlığı yaratmaq üçün keçici və süni blokadaya əl ata bilər.
Normal iqtidarımız olsa, bu seçkilərdən Azərbaycan olaraq daha da güclənmiş, Dağlıq Qarabağla bağlı məkrli planları dağıda biləcək vəziyyətdə çıxardıq. Nə yazıqlar ki, Azərbaycanda iş başında bu ölkəyə qənim və başarısız rejim dayanıb. Bu baxımdan 2008-də bütün ümidlər Müsavat başda olmaqla müxalifətin vətənpərvər, satılmamış qüvvələrinədir. Və ən əsası xalqa! Belə getsə, böyük ehtimalla bu payız bütün məsuliyyət və sorumluluq müxalifətin və xalqın üzərinə düşəcək... . (musavat)