AZƏRBAYCAN ABŞ-la İRAN ARASINDA QALIB
AZerbaycan Oyrenci Herekati : Xəzər İbrahim: “Biz regionda yeni bir münaqişənin yaranmasını istəmirik”
Vəfa Quluzadə: “Azərbaycan öz ərazisini ABŞ-a verməyəcək” ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı məlumatlar yenidən dünyanın aparıcı mətbuat orqanlarının gündəminə çıxıb. İrana qarşı hərbi əməliyyatlar ehtimalının yüksək olduğunu bu dəfə Amerika Konqresinin nüfuzlu üzvlərindən biri konqresmen Mark Kirk söyləyib. ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlara başlamasında fəal rol oynayanlardan biri olan Mark Kirk deyib ki, hazırda o, İranın nüvə təhdidlərini aradan qaldırmaq üçün özəl plan üzərində işləyir. Kirkin bizimçün ən diqqətçəkən fikri Azərbaycanla bağlıdır. O deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlasa, Türkiyədən yox, Azərbaycan, Bəhreyn və Küveytdən yardım gözləyəcək. “Türkiyədən gözlədiyimiz isə o olacaq ki, heç nəyə qarışmasın” - deyən konqresmenin Azərbaycanın roluna önəm verməsi ölkəmizin başının üstündə təhlükələrin dolaşdığını söyləməyə imkan verir. Son vaxtlardan Azərbaycanın bu münaqişədə neytral olacağını söyləyən ölkə hakimiyyətinin bu məsələyə münasibəti maraq doğurur.
XİN-in mətbuat katibi Xəzər İbrahim bildirdi ki,
fərziyyələrə şərh vermək istəmir: “Digər tərəfdən, Azərbaycan öz
mövqeyini dəfələrlə bildirib ki, regionun bütün münaqişələrinin sülh və
danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Biz istəməzdik ki, regionda
hansısa bir yeni münaqişə yaransın. Çünki bölgə artıq münaqişələrdən
doyub. Nəzərə alınsa ki, regionda Abxaziya, Osetiya, digər tərəfdən
Ermənistan-Azərbaycan münaqişəsi var, bu problemlər regionda böyük
təhlükələr yaradır.. Yeni bir problem olsa, bu, bölgənin vəziyyətini
daha da acınacaqlı edəcək”. İraq əməliyyatları zamanı Türkiyənin
oynadığı rolu İran məsələsində Azərbaycan təkrarlayarsa, bu, ölkəmizlə
ABŞ arasındakı münasibətlərə təsir göstərməz ki? X.İbrahim suala
konkret cavab vermədi: “Biz fərziyyələri diplomatik səviyyədə şərh edə
bilmərik. Bu, bütün dünyada qəbul olunmuş qaydadır”.
Politoloq Vəfa
Quluzadənin fikrincə isə bəyanat İrana təzyiq etmək məqsədi daşıyır:
“Çünki dəqiq heç kəs deyə bilməz ki, ABŞ İrana zərbə endirəcək. Amma
müxtəlif yollarla İrana təzyiq etmək üçün gah Amerika, gah da İsraildən
belə bəyanatlar verilir. Ona görə də gəlin nəticə çıxarmaq üçün
tələsməyək”. Ekspert indiki halda Azərbaycanın İranla bağlı mövqeyinin
birmənalı olduğunu qeyd etdi: “Azərbaycan öz ərazisini ABŞ-a
verməyəcək. Özü də bu, rəsmi Bakı ilə Vaşinqton arasında heç bir
problem yaratmayacaq. Elə bugünlərdə İraq hakimiyyəti özü də öz
ərazisindən İrana qarşı əməliyyatlar keçirilməsinə icazə verməyəcəyini
bildirdi. Üstəlik, ABŞ-ın İran ətrafında o qədər bazaları var ki,
Azərbaycandan imtina da edə bilər, elə İraqın özündən də”.(musavat)