Prezidentlər razılığa gəldilər, danışıqlar davam etdiriləcək
AZerbaycan Oyrenci Herekati : Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən ilk görüşün konstruktiv olduğu bildirilir.
Ölkə başçıları danışıqların davam etdirilməsi barədə xarici işlər nazirlərinə tapşırıq veriblər.
Dünən Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında görüş keçirilib. MDB-nin qeyri-rəsmi sammiti və 12-ci Beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələn prezidentlərin təkbətək görüşü 1 saat 40 dəqiqə davam edib.. Görüşün nəticələri barədə ölkə başçıları şəxsən məlumat verməsələr də, hər iki ölkənin XİN rəhbərləri jurnalistlərin qarşısında bəyanatla çıxış ediblər. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov bildirib ki, prezidentlərin görüşü konstruktiv keçib və danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. O, münaqişənin həllinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması yollarının axtarılmasının zəruriliyini vurğulayıb. Ermənistanın baş diplomatı Edvard Nalbandyan isə deyib ki, prezidentlər xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupu (MQ) çərçivəsində münaqişənin həllinə dair danışıqların davam etdirilməsi barədə tapşırıq veriblər. Jurnalistlərin suallarını cavablandıran hər iki XİN başçısı görüşdə “Madrid təklifləri”nin müzakirə olunmadığını deyib.
Onlar bunu tərəflərin həmin təkliflərə fərqli yanaşmalarının olması ilə izah ediblər. Nazirlər sözügedən təkliflərə yenidən baxılmasının zəruriliyini də vurğulayıblar.
E. Məmmədyarov “Azərbaycan Qarabağ probleminin digər beynəlxalq instansiyalarda müzakirəsindən imtina edir, yaxud danışıqları ATƏT formatında davam etdirmək istəyir?” sualının cavabında: “Minsk formatı mövcuddur və bu format davam edəcək”, - deyib.
Qeyd edək ki, Sankt-Peterburqun Konstantinovsk Sarayında keçirilən görüşdə hər iki ölkənin XİN başçıları, ATƏT MQ həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Daha sonra prezidentlər görüşü təkbətək formatda davam etdiriblər.
Danışıqlarda iştirak edən MQ-nin amerikalı həmsədri Metyu Brayza da danışıqların uğurlu keçdiyini vurğulayıb. O, tərəflərin danışıqları davam etdirməyə hazır olduqlarını bildirib. M. Brayza həmsədrlərin iyun ayının sonlarında regiona səfər edə biləcəklərini də söyləyib. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, danışıqlar masasında olan təkliflərin təkmilləşdirilməsi üçün tərəflərin istənilən tövsiyələrini dinləməyə və mövqeləri yaxınlaşdırmağa hazırdırlar.(zaman.az)