آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

ƏHMƏDİNİJAT AZƏRBAYCANLILARI ƏLƏ ALMAĞA ÇALIŞIR

ƏHMƏDİNİJAT AZƏRBAYCANLILARI ƏLƏ ALMAĞA ÇALIŞIR   

 

AZerbaycan Oyrenci Herekati : Milli haqları tələb edən Azərbaycan gənclərinin həbsi davam etməkdədir  

  S.SOLTAN  

  Bu həftə İran prezidenti Mahmud Əhmədinijat Şərqi Azərbaycan əyalətinin nümayəndələri ilə görüş keçirib. İslam Respublikası hökumətinin başçısı bildirib ki, bu əyalət bir çox sahələrdə uğurlar əldə edib. "Şərqi Azərbaycan əyaləti kənd təsərrüfatı, istehsal, turizm sahələrində ön yerlərdə durmaqdadır" deyən Əhmədinijatın sözlərinə görə, Şərqi Azərbaycanın inkişafı üçün vacib addımlar atılmalıdır. O deyib ki, nəqliyyat, istehsalat, kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı bir neçə işçi qrupu formalaşdırılacaq.

Son zamanlar Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizəsinin qarşısını sərt üsullarla almaqdadır. İslam Respublikası həbs etdiyi hərəkat təəssübkeşlərini tutduqdan sonra onları ağır fiziki, mənəvi işgəncəyə məruz qoyur, bir sıra hallarda onların cəsədləri şəhər kənarında aşkarlanır.

Amma Tehran törətdiyi bu əməllərdən həm də narahatdır. Çünki uzun illərdir İslam Respublikası rəhbərliyinin Milli Hərəkatı ləkələməsi istiqamətində etdiyi cəhdlər uğursuzluğa məruz qalıb. Hərəkat sübut edib ki, onun irəli sürdüyü siyasi, sosial və iqtisadi tələblərin xarici qüvvələrlə heç bir əlaqəsi yoxdur.

Əhmədinijatın şərqi azərbaycanlıları qəbul etməsi, əslində, Azərbaycan türklərinin "başını sığallamaq"a edilmiş yanlış cəhddən savayı bir şey deyil. Çünki ötən müddət ərzində İran prezidenti Azərbaycanın ayrı-ayrı bölgələrinə səfərlər edib, sosial-iqtisadi sahələrdə böyük işlər görüləcəyi ilə bağlı çeşidli vədlər verib. Ancaq ötən müddət ərzində həmin əyalətlərdə görülməsi nəzərdə tutulan işlər çeşidli səbəblər üzündən yarımçıq qalmaqdadır. "Ayna"nın ötən saylarında bu haqda dəfələrlə yazmışıq.

Elə hökumət başçısının "yeni işçi qrupların yaradılacağı" ilə bağlı verdiyi vəd onu göstərir ki, prezidentliyinin ötən üç ili ərzində Əhmədinijat Şərqi Azərbaycanın əsaslı problemlərinin həlli ilə bağlı ciddi bir iş görməyib. Əyalətdəki yeni tikinti işlərinin isə mövcud hakimiyyətlə elə bir ciddi əlaqəsi yoxdur. Çünki sahibkarlar, eləcə də hakimiyyətə yaxın olanlar İslam Respublikasının apardığı siyasət ucbatından ölkəyə yeni texnologiya, müasir avadanlıqlar gətirə bilmir yaxud bu sahədə iqtisadi risk dərəcəsinin böyük olduğunu istisna etmirlər. Ona görə də həmin insanlar əllərindəki sərmayəni tikinti sektoruna qoyurlar. Bu səbəbdən də İslam Respublikasının rəhbərliyi, o cümlədən Əhmədinijat hökuməti ciddi tənqidlərə məruz qalmaqdadır.

İran prezidenti azərbaycanlıları qəbul etməklə həm də onların sosial-iqtisadi problemlərinə rejimin diqqət ayırdığını göstərməyə çalışır. Bunun səbəblərindən biri bir neçə gündən sonra Babək qalasına yürüşün başlayacağıdır. Elə ötən illərdə də Tehran hakimiyyəti bu yürüşün qarşısını almaqdan ötrü çeşidli üsullara əl atmışdı.

Amma Əhmədnijatın jestinə baxmayaraq Tehranın azərbaycanlılara qarşı təzyiqi səngiməyib. Cari həftə Ərdəbildəki Rzai adına Universitetin İslam Birliyinin keçmiş sədri Hüseyn Hüseyni həbs edilib. Güneydən olan xəbər qaynaqlarının yaydığı məlumatlara görə, ETTELAAT məmurları onu Güney Azərbaycanın Nəğədə (əsl adı Sulduzdur) rayonunda tutaraq naməlum istiqamətə aparıblar. H.Hüseyni milli haqların təmini ilə bağlı fəaliyyətinə görə İran Milli Təhlükəsizlik Nazirliyinin Ərdəbildəki yerli şöbəsinə çağırılıb dindirilmişdi.

"Baybak"ın məlumatında bildirilib ki, Azərbaycanın tanınmış ziyalısı, Güney Azərbaycanın Xoy şəhərindəki qeyri -hökumət təşkilatının qurucularından biri İbrahim Cəfərzadə 2006-cı il fevralın 21-də Beynəlxalq Ana dili günü həbs edilmişdi. Bu günlərdə isə məhkəmə ona hökm oxuyub.. Həmin qərara görə, İ.Cəfərzadə bir il azadlıqdan məhrum edilib. 3 il kütləvi-siyasi tədbirlərə qatılmaqdan məhrum edilən Cəfərzadə 2 il Bərazcan adlı bir şəhərdə sürgün həyatı yaşayacaq. Bundan başqa, o, 4 il İran parlamentinə seçkilərdə namizəd kimi iştirak etmək hüququndan da məhrum olunub. Təbriz sakini 16 yaşlı məktəbli Məhəmmədrza Əvəzpur isə İslam İnqilab Məhkəməsinin Təbrizdəki 118-ci bölümü tərəfindən "İslam inqilabının liderini təhqiretmə" ittihamı ilə 6 ay həbsə məhkum edilib. Onun qardaşı Mustafa Əvəzpur deyib ki, Məhəmmədrzanın hökmü ötənilki həbsi ilə bağlıdır. Bu azərbaycanlı yeniyetmə iki il öncə Azərbaycan türkcəsində təhsil tələb etdiyinə görə həbs olunmuşdu. Bir müddət həbsxanada saxlanıldıqdan sonra məktəblərin bir çoxunun qapısı onun üzünə qapadılmışdı. Keçən il isə Təbrizdəki parklardan birində dincələrkən bəsicilər (İnqilab keşikçiləri qvardiyasının əsas bazası, yarımhərbi dəstə) tərəfindən tutulmuşdu.

Mustafa Əvəzpurun sözlərinə görə, Məhəmmədrzaya qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır və o bununla bağlı apellyasiya şikayəti edəcək. Yeniyetmənin qardaşı əlavə edib ki, bu məktəblinin üzərində daha iki "cinayət işi" var. Hakimiyyət onu "Mən türkəm!" şüarını yazdığına görə "pantürkçülük"də və "dövlət əleyhinə fəaliyyət"də suçlayır.

Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı 2006-cı ilin may olaylarında həbs olunmuş Məhəmmədrza Əvəzpurun işgəncəyə məruz qalmasını pisləmişdi. Həmin vaxt 14 yaşı olan Məhəmmədrza iki sutka ayağından asılı vəziyyətdə həbsxanada saxlanmışdı. Onun qardaşları Mustafa və Mürtəza da tutulduqdan sonra ağır işgəncəyə məruz qalmışdılar.

Sulduz şəhərindəki Universitetin tələbəsi, "Çənlibel" dərgisinin baş redaktoru Rza Dağıstani isə 8 ay azadlıqdan məhrum olunub və 3 il şərti cəza alıb. Hakimiyyət təmsilçiləri onun kompüterini, türkcə kitablarını müsadirə ediblər. Qeyd edək ki, o bu il Beynəlxalq Ana dili günü həbs edilərək 27 gün işgəncəyə məruz qalmışdı. (ayna.(

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد