AMAT AVROPA PARLAMENTİNDƏN DƏSTƏK İSTƏYİB
AZerbaycan Oyrenci Herekati : Qurumun təmsilçisi bölgədə sabitliyin mövcudluğu üçün milli haqların təmin olunmasını əsas amil kimi göstərib
Bu günlərdə Azərbaycan Milli Azadlıq Təşkilatının (AMAT) sözçüsü Çingiz Göytürk Avropa parlamentində Güney Azərbaycan türklərinin ictimai-siyasi və sosial-iqtisadi vəziyyətinə dair çıxış edib. Həmin məruzəni qısaca diqqətinizə çatdırırıq.
"Məlum olduğu kimi, "İran" adı mifdən götürülüb. Nə gerçək bir coğrafi anlayış, nə siyasi anlamda "İran" adlı bir ölkə və ya dövlət mövcud olub. Gerçəkdən bu bölgədə Azərbaycan, Persiya və başqa adlarda dövlətlər olmuşdur. Bundan başqa, həmin ərazidəki dövlətlər xanədan, sülalə və tayfa adları ilə adlanmışdır. Buna örnək olaraq midiyalılar, əhəmənilər, səlcuqlar, səfəvilər, əfşarlar, qacarlar və s. göstərmək olar.
1935-ci ildə Rza Pəhləvinin fərmanı ilə ölkə rəsmi olaraq "İran" adlandırıldı. Bundan sonra isə bölgədəki etnik, kültürəl və s. müxtəlifliklərin inkar olunmasına başlandı. Fars şovinizmi çeşidli etnik qruplara qarşı hərbi, siyasi, mədəni zorakılıq siyasəti yürüdərək "tək dövlət, tək millət, tək dil" yaratmağa və ölkənin bütün tarixinin, bütün mədəniyyətinin yalnız farslara məxsus olduğunu qəbul etdirməyə çalışdı".
Təşkilat təmsilçisi deyib ki, əslində, İran etnik baxımdan monoetnik deyil, çoxsoyludur. Araşdırmalara görə, burada 90-dan çox dildə danışan ayrı-ayrı etnik qruplar yaşamaqdadır. "Ancaq çox vaxt bu fakta toxunulmur, ən yaxşı halda farslar əsas əhali kimi, bir neçə etnik qrupsa azsaylı xalq və ya etnos kimi təqdim olunur. Qalan xalqların varlıqları belə xatırladılmır. Azərbaycan türklərini milli azlıq, azsaylı xalq kimi göstərmək doğru olmaz. Rəsmi statistik rəqəmlərin saxtalaşdırılmasına baxmayaraq Azərbaycan türkləri həm ölkə üzrə ən çoxsaylı millət, həm də tarix boyu bölgədə dövlət quruculuğunun dominant təməlini yaradan iki əsas xalqdan biridir. O biri etnik qrup isə farslardır.
Tarix boyu bölgədə ümumi dövləti ya Azərbaycan türkləri, ya da farslar qurmuşlar. Son min ildə kiçik fasilələri nəzərə almasaq, dövlətin etnik təməlini Azərbaycan türkləri təşkil ediblər.. 1925-ci ildən bu günümüzə qədər isə farslar önə çıxıblar.
Azərbaycan türklərinin aparıcı olduğu dövrlərdə dövlət etnik əsaslar üzrə məmləkətlərə bölünmüş, gerçəklikdə hər bir etnosa öz kültürünü, öz milli varlığını yaşatma haqqı tanınmış və hər məmləkət öz daxili işlərində nisbi sərbəstliyə malik olmuşdur.
Farsların aparıcı olduğu dövrlərdə isə etnik müxtəliflik inkar edilmiş, farstəməlli sərt mərkəzləşmiş siyasət yürüdülmüş, fars olmayan xalqların hər hansı milli haqqı tanınmamışdır. Başqa sözlə, bu gün "İran" adlandırılan dövlətdə iki tarixi dövlətçilik ənənəsi üz-üzə durur: bir yanda federativ əsaslı Azərbaycan türk dövlətçilik ənənəsi, o biri yanda sərt mərkəzçilik təməlli fars dövlətçiliyi", - deyə Ç.Göytürk məruzəsində qeyd edib.
O bildirib ki, bu gün hakim olan fars dövlətçilik ənənəsi həm çoxsaylı Azərbaycan türklərinin, həm də azsaylı türkmən, ərəb, bəluc, kürd, gilək və digər xalqların milli haqlarını qəddarlıqla tapdamaqda, bu etnik qrupları, dəqiq ifadə etsək, etnosid siyasətinə məruz qoymaqdadır. Bu siyasətə qarşı Azərbaycan türkləri, eləcə də başqa xalqların müqavimət hərəkatlarının son dərəcə qəddarlıqla qan içində boğulduğu da hər kəs tərəfindən bilinən bir gerçəklikdir. Bu, pəhləvilər dönəmində də belə olmuşdur, İslam Respublikası rejimi dönəmində də belədir.
"Bu gün İslam Respublikası rejiminə müxalif mövqedə duran bir qrup və təşkilatların da fars olmayan xalqların, özəlliklə Azərbaycan türklərinin müxtəlif haqq və tələblərinə qarşı mövcud rejimdən fərqlənməyən mövqeləri, hətta rejimdən milli hərəkatlara qarşı daha sərt tədbirlər alınmasını tələb edən davranış və bəyanatlar açıqca göstərir ki, hər hansı rejim dəyişikliyi durumunda belə, fars olmayanlara qarşı antidemokratik siyasət eyni mahiyyətdə və daha sərt şəkildə davam edəcək.
Bu səbəbdən Azərbaycan türklərinin, eləcə də fars olmayanların milli hərəkatları daha da genişlənməkdədir. Bu isə o deməkdir ki, rejim dəyişikliyinin bölgəyə sabitlik, əmin-amanlıq və demokratiya gətirəcəyinə inanmaq mümkün deyil. Tam əksinə, bölgədə sabitlik, əmniyyət və demokratiyanın varlığı daha çox milli problemlərin çözülməsi ilə bağlıdır", - deyə Ç.Göytürk söyləyib.
Hərəkat təmsilçisinin sözlərinə görə, çağdaş Azərbaycan Milli Hərəkatı fəalları BMT-nin bütün millətlərə tanıdığı öz müqəddəratını təyinetmə hüququ çərçivəsində rejim dəyişikliyindən fərqli, bölgəyə gerçək bir sabitlik, əmin-amanlıq və demokratiya gətirəcək çözümlər aramaqdadır. "Azərbaycan Milli Hərəkatının özündən öncəki hərəkatlarımızın davamı olmaqla yanaşı, onların təcrübələri ilə də zənginləşərək kütləviliyi, sivil-mədəni, demokratik əsasları ilə xüsusilə seçilməsi inkar edilməyəcək bir gerçəklikdir.
2006-cı il mayın 22-də milyonluq etiraz nümayişləri bunu açıqca göstərmişdir. Biz inanırıq ki, millətlərin öz müqəddəratını təyinetmə hüququna söykənən Azərbaycan xalqının öz qəsb olunmuş milli və insani haqlarını əldə etmək uğrunda apardığı mədəni mübarizə mütərəqqi dünya dövlətləri və millətləri tərəfindən diqqətlə izlənəcək və dəstəklənəcək.
Azərbaycan Milli Azadlıq Təşkilatı çağdaş Azərbaycan Milli Hərəkatı daxilində yaranan və Azərbaycan Milli Hərəkatının mədəni, demokratik mahiyyətini öz mübarizəsinin təməl prinsipi kimi qəbul edən siyasi qurumlardan biridir", - deyə Ç.Göytürk vurğulayıb.
Hazırladı: S.Sədrəddin .(ayna.az(