آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

İRAN HAKİMİYYƏTİ AZƏRBAYCANIN ADINDAN BELƏ QORXUR

İRAN HAKİMİYYƏTİ AZƏRBAYCANIN ADINDAN BELƏ QORXUR   

Parçaladığı torpaqlarımızdan isə ermənilərə pay verir

S.SƏDRƏDDİN

  

AZerbaycan Oyrenci Herekati : İran adlanan ərazidə son 80 ildə bir-birini əvəzləyən şovinist hakimiyyətlər tacikləri, əfqanları (puştunlar), talışları, hətta erməniləri və almanları fars adlandıraraq "böyük millət" yaratmaq iddiasını gizlətmir, bu istiqamətdə fəaliyyət göstərir. Habelə İslam Respublikasının rəsmiləri Rza şahdan qalma bu çürük ideologiya əsasında ölkə əhalisinin yarısından çoxunu təşkil edən Azərbaycan türklərini türk dünyasından ayıraraq onların "fars kökənli" bir milli azlıq, "azəri" olduğu iddiası ilə çıxış edirlər.

Bu azmış kimi, Güney Azərbaycan türkünün tarixini saxtalaşdıraraq onu Quzey Azərbaycandan qoparmaq niyyətlərini də gizlətmirlər.

 

XALÇALARA "TƏBRİZ"in TOXUNMASI YASAQDIR

 

Heç kimə sirr deyil ki, Güney Azərbaycan türkləri dünyaya öz adı ilə bir çox dühalar bəxş edib, çeşidli sahələrə öz damğasını vurub. Mədəniyyət və incəsənətdə sözünü demiş Azərbaycan türklərini saymaqla bitməz. Güneyli soydaşlarımızın məşğul olduğu sahələrdən biri də xalçaçılıqdır. Xalçaçılığın böyük bir mədəniyyətə dayandığını söyləməklə kimsəni təəccübləndirmək fikrimiz yoxdur. Hətta fars və türk xalça məktəbləri də bir-birindən fərqlənir. Bir müddətdir Tehran hakimiyyəti Güney Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ və digər şəhərlərində toxunmuş bu əl işlərinin üzərindən "Təbriz" sözünü pozduraraq ora "İran" və "İsfahan" sözlərinin yazılmasına toxucuları və istehsalçıları məcbur edir. Belə hadisə ilə ölkəmizdəki ticarət mərkəzlərindən birində rastlaşmışıq.

Ədalət və həqiqətdən danışan İslam Respublikasının rəhbərliyi belə davranışı ilə Güney Azərbaycan türkünün milli-mədəni ənənələrini də silməyə çalışır.

Təəssüflər olsun ki, ölkəmizin ictimaiyyəti Tehranın bu özbaşınalığını sükutla qarşılayır. Bir neçə il öncə Kreml Gürcüstanın ərazisi sayılan Abxaziyadakı əhaliyə "Rusiya vətəndaşlığı" vermə kampaniyası apardı. Bu yaxınlarda isə rəsmi Tbilisiyə "vətəndaşlarımı qorumaqdan ötrü bu əraziyə hərbi qüvvə yeridəcəyəm" deyə xəbərdarlıq etdi. Yaxud bir neçə il öncə Moskva Baltikyanı dövlətlərdə rusdillilərin hüququnu qorumaq adı altında Latviya, Litva və Estoniyanı hədələyirdi.. Təbii ki, bu məsələdə Moskva insan haqlarına əsaslanmağa cəhd göstərirdi. Elə İkinci Dünya savaşının xatirəsinə ucaldılmış "Naməlum əsgər" heykəli ilə bağlı yaranmış qalmaqalı yada salmaq kifayətdir.

Düzdür, Rusiya hakimiyyətinin bu addımlarından imperiya ambisiyalarının dirçəldilməsi iyi gəlsə də, o boyda dövlət bu addımı özünə rəva gördü. Nəzərə alsaq ki həmin ərazilərə Kremlin heç bir təbii haqqı çatmır, o zaman Tehran hakimiyyətinin Güney Azərbaycan türklərinə qarşı apardığı sakit soyqırım siyasətinin mahiyyəti aydın olar.

Azərbaycan dövlət olaraq Güney Azərbaycan türkünün bütün sahələr üzrə haqqını müdafiə etməyə borcludur və bunu etməkdən ötrü beynəlxalq qanunlar da onu müdafiə edir. Bəziləri bu məsələdən tez qənaət çıxararaq "Azərbaycanın birləşməsi məsələsi tezdir" və s. kimi fikirləri söyləyəcəklər. Amma burada söhbət hər hansı bütövləşməkdən deyil, insan haqlarının qorunmasından gedir. Bu, həm də Azərbaycan Respublikasının təhlükəsizliyidir. Çünki qonşu dövlətdəki hakimiyyət heç nədən çəkinmədən böyük bir toplumu assimilyasiya etməkdədir.

Bununla bağlı bir sıra məlumatları diqqətinizə çatdırmaq istərdik.

 

TEHRAN "SARITEL"i XOŞLAMIR

 

"Ayna"nın ötən saylarında Güney Azərbaycanda türk adlarının dükanlara qoyulmasının Tehran hakimiyyəti tərəfindən yasaqlanması barədə dəfələrlə yazmışıq. Bu günlərdə isə Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzi bu məsələ barədə yeni xəbər yayıb. Həmin məlumata görə, İran Milli Təhlükəsizlik Nazirliyinin məmurları Təbrizdəki türk adları qoyulmuş dükanlarda əməliyyat keçiriblər. Belə dükanlara basqın edən ETTELAAT məmurları adların yığışdırılmasını və ya farscaya dəyişdirilməsini tələb edirlər. Əks halda müəssisələrin bağlanacağı ilə hədələyirlər. Mənbənin bildirdiyinə görə, bu səbəb üzündən "Sarıtel" adlı dükan qapadılıb və "Şamlu" adlı mebel salonunun adı dəyişdirilib.

Tehranın Yerevanla əlaqələrinin genişləndirilməsinə ara verilmir. Bu yaxınlarda beynəlxalq ictimaiyyət bu münasibətlərin dərinləşməsinə mənfi münasibətini açıqlamışdı. Amma Ermənistan və İran rəhbərliyi dünya ictimaiyyətinin rəyini nəzərə almamaqdadır.

"Mediaforum"un məlumatına görə, Güney Azərbaycanın Muğan bölgəsində sərhədə yaxın ərazilərdəki kəndlər boşaldılır. Hakimiyyət yerli əhalini yeni saldığı qəsəbələrə köçməyə məcbur edir.

Xatırladaq ki, ötən il İranın Kənd Təsərrüfatı Nazirliyi də belə bir əməliyyat keçirmişdi. Yerli türklərin torpaqlarını zorla əllərindən almağa başlamışdılar. O zaman hakimiyyət qüvvələri ilə Muğan camaatı arasında toqquşma da baş vermişdi.

Məlumata əsasən, ölkənin Təbii Sərvətlər və Əmlak Qeydiyyatı Təşkilatının mütəxəssisləri Güney Azərbaycanın Azərbaycan Respublikası ilə həmsərhəd Aynalı, Xudafərin, Üçtəbin, Canalı, Aslandüz kəndlərindəki əhaliyə rüşvət təklif etməklə torpaqları onlardan almağa çalışırlar. Torpağı satmayanlar isə polis və İnqilab Keşikçiləri Qvardiyasının təzyiqlərinə məruz qalırlar. Mənbə bildirib ki, Canalı kəndinin 55 yaşlı sakini Qüdrət Fəxri torpağının əlindən alınmasına etiraz etdiyinə və hakimiyyət nümayəndələrinin özbaşınalığına görə təzyiqə məruz qalıb. Ona deyiblər ki, "ya torpağını bizə sat, ya da təsərrüfat üçün bizə icarəyə ver".

Qüdrət Fəxri həmin torpaqların ona dədə-babasından qaldığını deyərək heç kəsə verməyəcəyini söyləyib. Bundan sonra azğınlaşmış hakimiyyət məmurları buldozerlə onun üstünə torpaq tökərək basdırıblar. Yerli sakinlər Q.Fəxrini torpağın altından çıxarıblar..

Mənbənin yaydığı başqa xəbərdə isə bildirilib ki, Üçtəbin kəndi yaxınlığında tikinti işləri aparılır. Yerli müşahidəçilərin sözlərinə görə, orada ermənilər və kürdlər üçün qəsəbə salınır. Bəziləri isə bu ərazidə yerləşdiriləcək hərbi bazanın hərbçilərindən ötrü şəhərcik salınacağını bildirirlər. İsfahanda yaşayan ermənilərin əkinçiliklə məşğul olmalarını təmin etməkdən ötrü onları Muğan, Aslandüz və Xudafərin ərazisinə yerləşdirirlər. Onlara yüngül şərtlərlə torpaq sahələri və uzunmüddətli kreditlər verilir.

Onu da qeyd etmək lazımdır ki, Aslandüz və Xudafərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri ilə həmsərhəddir.

"Mediaforum" bildirib ki, ötən ayın sonunda İnqilab Keşikçiləri Qvardiyası ilə Muğanın Böyük Xanlı kənd sakinləri arasında baş vermiş toqquşma nəticəsində 12 kəndli güllə yarası alıb. Onların arasında bir neçə qadının da olduğu bildirilir. Qvardiyaçıların kəndin əkin sahələrini nəzarət altına alması cəhdi mübahisəyə səbəb olub. Bu kənd də işğal olunmuş ərazilərimizlə həmsərhəddir. Böyük Xanlı kəndindəki torpaqlar əhalinin qanuni mülkiyyəti olsa da, hakimiyyət bu əraziyə zorla yiyələnmək istəyir. Bununla belə, hakimiyyət hər cəhdində yerli əhalinin müqaviməti ilə üzləşir.

 

PARÇA-PARÇA OLAN MƏMLƏKƏT HEY!

 

Hələ 1918-ci ildə ovaxtkı Tehran hakimiyyəti respublikamızın Azərbaycan adlanmasına etiraz etmişdi. O zaman cümhuriyyətimizin rəhbərliyi əlavə problem yaratmamaq üçün ölkəmizin adını Qafqaz Azərbaycanı qoydu. Bundan sonra Tehran ölkəmizin müstəqilliyini tanıdı. Əslində, bu, heç də ad məsələsi deyildi. Həmin illərdən başlayaraq İranda hakimiyyətə gələnlərə həm o tay, həm də bu tay Azərbaycanın adı dinclik verməyib. Onun gah adını dəyişib, gah torpaqlarını qeyri-türk etnosların adına yaratdıqları ərazilərə qatıblar.

Son 70 ildə Güney Azərbaycan torpaqlarının başına gətirilən oyunların tarixi haqda Dünya Azərbaycanlıları Konqresi məlumat yayıb. Həmin tarixi faktı diqqətinizə çatdırırıq: 1937-ci il noyabrın 7-də Rza şah Pəhləvi parlamentinin qəbul etdiyin qanuna əsasən, Qacarlar dövründən qalma inzibati ərazi bölgüsü dəyişdirilərək əyalətlərin tarixi adları ixtisar olundu və İran Şimal-Qərb, Qərb, Şimal, Cənub, Məkran və Şimal-Şərq adı altında 6 əyalətə bölündü..

Qısa müddətdən sonra elə həmin ilin dekabrında sözügedən inzibati bölgüyə yenidən baxıldı və İran 10 əyalətə bölünərək bölgələrə birdən ona qədər ad verildi. O illərdə Təbriz üçüncü əyalətin, Urmiya isə dördüncü əyalətin mərkəzi şəhəri elan olundu. Güney Azərbaycan sərhədləri və Azərbaycan adı ölkənin xəritəsindən tamamilə silindi. Ərdəbil isə bu bölgüyə əsasən üçüncü əyalətə daxil idi.

Tarixin saxtalaşdırılması niyyəti ilə aparılmış bu bölgü 1960-cı illərədək davam edib. Yalnız 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin dövründə Güney Azərbaycanın böyük bir hissəsi Azərbaycan adlanırdı. Həmin illərdə üçüncü və dördüncü əyalətlər uyğun olaraq Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlandırıldı.

1960-cı ildən sonra İran üzrə 13 əyalət və 8 quberniya (bir müddət sonra 11) yaradıldı. Məhəmmədrza şahın dövründə aparılmış bu yeni bölgüyə əsasən, Azərbaycan ərazilərindən bir hissə yeni yaradılan əyalətlərə verildi. Həmədan quberniya kimi tanındı. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin ərazilərindən kəsildi. Bu bölgü üzrə Ərdəbil və Zəncan rayonları Şərqi Azərbaycan əyalətinə daxil idi. Ərdəbil qəzasının bir hissəsi olan Astara rayonu 1968-ci ildə ayrıca quberniya elan olundu.

Son illərdə Ərdəbilin və ətraf mahalların ən mühüm "tələb"lərindən biri mərkəzi Ərdəbil olmaqla yeni bir əyalətin yaradılması idi. Əslində, bu şəhərin əhalisi buranın tarixinin qədimliyi, eləcə də əhalisinin çoxluğu nəzərə alınmaqla Şərqi Azərbaycan əyaləti adı altında özünəməxsus dövlət büdcəsi istəyirdi. Onu da qeyd etmək lazımdır ki, ərdəbillilər Təbrizdən ayrılmaq istəmirdilər. Çünki Təbriz bütövlükdə Azərbaycan türklərindən ötrü bir simvoldur. 1992-ci il oktyabrın 14-də Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan, Gurqan mərkəz olmaqla Gülüstan əyalətlərinin yaradılması haqda Daxili İşlər Nazirliyinin verdiyi iki təklifdən birincisi dövlət rəhbərliyi tərəfindən bəyənildi. Azərbaycan adını ləğv etmək məqsədi ilə "Savalan" adlı əyalətin yaradılması haqda layihə dördüncü çağırış İran parlamentinə göndərildi. Bu məsələni rəhbərlik sonradan çeşidli orqanlara həvalə etdi. 1993-cü il yanvarın 12-də İran parlamenti həmin layihəni ümumilikdə təsdiqlədi. Həmin sənədə əsasən, hökumət mərkəzi Ərdəbil olmaqla yeni Şərqi Azərbaycan əyaləti yarada bilərdi. Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın adının isə Mərkəzi Azərbaycana dəyişdirilməsi də təklif edilirdi.

Bir sıra təkliflərə əsasən, ümumiyyətlə, Azərbaycan sözünü əyalətlərin adından götürərək Təbriz mərkəzli bölgəni "Səhənd", yeni yaradılan Ərdəbil mərkəzli əyaləti isə "Savalan" adlandırmaq istəyirdilər.

1993-cü il apreli 4-də "Təbrizin mərkəz olduğu Şərqi Azərbaycan əyalətinin adının Mərkəzi Azərbaycanla əvəzlənməsi və Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan əyalətinin yaradılması" haqda layihə parlamentin gündəliyinə salındı.. Həmin il məclisin 13 aprel tarixli iclasında layihənin ikinci oxunuşu gözlənilmədən "Ərdəbil" adlı yeni əyalətin yaradılması barədə qərar qəbul edildi.

Həmin il Güney Azərbaycan türkləri çoxsaylı etiraz aksiyası keçirərək ermənilərin iddiasının ardınca Azərbaycanın yenidən bölünməsinin tarixin saxtalaşdırılmasına xidmət etdiyini bildirmişdilər. Amma o dövrdə sanki Azərbaycana yamanlıq etmək üçün Tehran hakimiyyəti Ermənistanla yarışırmış kimi bu etirazlara məhəl qoymadı. Hakimiyyətin əsas təbliğat vasitələrindən biri, "ETTELAAT" qəzeti 1993-cü il 19 aprel tarixli sayında məsələyə dair belə bir xəbər dərc etmişdi: "Cümhuriye-İslami" agentliyi - Nəzarət Şurasının dünənki iclasında Ərdəbil əyalətinin yaradılması layihəsinə baxılmış, şəriət və qanun normalarına zidd bilinməmişdir".

2004-cü il aprelin 11-də "Ərdəbil əyalətinə Azərbaycan adının qaytırılması komitəsi" yaradıldı. Bu qurum indiyədək Azərbaycan adının Ərdəbilə və Güney Azərbaycanın başqa ərazilərinə qaytarılmasını tələb etməkdədir.

Onu da xatırladaq ki, Həmədan, Gilan, Qəzvin, Zəncan, mərkəzi Ərak olan Mərkəzi və başqa əyalətlər əvvəllər Azərbaycan adı altında mövcud olub. (Ayna.az)

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد