آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

آذربایجان اویرنجی حرکاتی

گله جک بیزیمدیر azoyrenci_herekati@yahoo.com

İRANLA İSRAİL BİR-BİRİNİ YER ÜZÜNDƏN SİLƏ BİLƏR

İRANLA İSRAİL BİR-BİRİNİ YER ÜZÜNDƏN SİLƏ BİLƏR

Barak Obama: “Əgər sanksiyalar kömək etməsə, İsrail hərbi əməliyyatlara başlayacaq

İsraillə İran tezliklə qarşılıqlı olaraq bir-birini məhv etməyə imkan verən hərbi potensiala malik olacaqlar. “The Washigton Times” qəzetinin yazdığına görə, gələn ilin martında Rusiya İrana S-300 müasir uzaq mənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək. Gələn ilin iyun ayında bu sistemlər artıq döyüş növbəsində dayanacaq. Belə ki, İran hərbçiləri sistemlərlə işləmək üçün Rusiya təlimatçılarından dərs almalıdır.

Bəzi ekspertlərə görə, İran bununla kifayətlənməyib tezliklə nüvə silahına da malik olacaq. Prezident Mahmud Əhmədinejadın sərt ritorikasını nəzərə alan mütəxəssislər ehtimal edirlər ki, İran bu silahı İsrailə qarşı tətbiq edə bilər. Qəzetin yazdığına görə, ekspertlər belə fikirdədir ki, İran nüvə obyektlərinin havadan mühafizəsini gücləndirməzdən əvvəl ABŞ və ya İran bu ölkəyə qarşı hərbi əməliyyatlara başlaya bilər..

Hazırda İran nüvə obyektlərini Rusiya istehsalı olan Tor-M1 zenit raket sistemləri ilə mühafizə edir. Lakin S-300-lər İrana imkan verəcək ki, strateji obyektlərini daha etibarlı müdafiə etsin. Çünki bu sistemlər dünyada ən mükəmməl zenit sistemlərindən hesab edilir. Bu raketlərlə eyni vaxtda təyyarəni, digər uçan aparatları, qanadlı və ballistik raketləri vurmaq mümkündür.

Lakin İsrailin də Rusiya texnologiyası əsasında işləyən hava hücumundan müdafiə sistemlərinin işini elektron vasitələrlə pozmaqda yaxşı təcrübəsi var. Məsələn, 1982-ci ildə İsrailin F-16 təyyarələri Suriyanın hava hücumundan müdafiə sistemlərini məhv edərək ölkənin hava sahəsini tam ələ keçirmişdi. Həmin vaxt Suriya iki gün ərzində 80-dən çox təyyarə itirmişdi. İsrailin isə cəmi bir köhnə təyyarəsi enərkən qəzaya uğramışdı. Yaxud 1981-ci ildə İsrailin F-15 və F-16 təyyarələri İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından maneəsiz keçərək İraqın nüvə reaktorunu bombalamışdı. Ötən ilin yayında isə İsrail təyyarələri Suriyada gizli nüvə obyektini məhv etmişdi. Suriya radarlarının bu hava hücumundan xəbəri də olmamışdı.

Qəzetin yazdığına görə, İsrail nəzər alır ki, əgər gələn ilin martına qədər gözləsə, ABŞ-da yeni prezident olacaq, həmin prezident isə hərbi gücə yox, diplomatiyaya üstünlük verə bilər. Lakin indi İsrailin imkanı var ki, ABŞ-ın icazəsi ilə İraqın hava məkanındna istifadə edib İrana zərbə endirsin. Əgər İsrail hərbi zərbə endirməyi qərara alsa, o zaman bir neçə dalğadan ibarət bombardmanlar olacaq. İranın cavab zərbələrini önləmək üçün İsrail təkcə nüvə obyektlərinə yox, “Şahab-3" ballistik raketlərinin bazalarına da zərbə endirməlidir. Qisas aksiyasının qarşısını almaq üçün İsrailin İranın Harq adasındakı neft terminalını ələ keçirəcəyi də ehtimal edilir. İranın ixrac neftinin 80 faizi bu terminaldan keçir. Əgər İran Təl-Əvivə raket atsa, o zaman İsrail Tehranı bombardman edəcək və bu terminalı partladacaq.

Lakin İsrailin İran hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün çətinlikləri də var. Radarların siqnallarını elektron qurğularla zərərsizləşdirən təyyarələr yavaş uçur və silahlı deyil. Buna görə də həmin təyyarələr tezliklə vurula bilər. Digər tərəfdən, baş nazir Ehud Olmertin müharibə aparmaq qabiliyyəti yoxdur. Livanda “Hizbullah”a qarşı müharibə sübut edib ki, o, strateji və taktiki qərarların verilməsində ciddi səhvlərə yol verir. Həmçinin bu günlərdə Olmert “Hizbullah” terrorçularının İsrail əsgərlərinin cəsədlərinə dəyişdirilməsinə razılıq verib. Bu isə göstərib ki, İsrail heç vaxt olmadığı qədər zəifdir. Ona görə də əksəriyyət belə hesab edir ki, ABŞ-ın dəstəyi olmadan İsrailin İrana zərbə endirməyə cəhd göstərməsi çox riskli addım ola bilər.

Bu riskin yüksək olmasına baxmayaraq İsrail hazırda İrana qarşı hərbi əməliyyatlar variantı üzərində ciddi şəkildə işləyir. ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama da Yaxın Şərqə səfərdən sonra bu qənaətə gəlib. ABC kanalının xəbərinə görə, bu səfər zamanı Obamanı müşayiət edən konqresmenlərdən biri deyib ki, prezidentliyə namizəd İsrail rəhbərliyi ilə qapalı danışıqlardan sonra onlara yəhudi dövlətinin İranı vurmaq planlarında ciddi olduğunu deyib: “Heç kim bu barədə mənə birbaşa nəsə deməyib, ancaq mən əmin oldum ki, əgər sanksiyalar işləməsə, İsrail İrana zərbə endirəcək”.

Sanksiyalara isə bu günlərdə yeniləri əlavə oluna bilər. Çünki İran “altılar”ın iki həftə əvvəl Cenevrədə təqdim etdiyi təkliflər paketini qəbul etməyib. Bu təkliflərə cavab vermək üçün İranın avqustun 2-dək vaxtı qalır. Lakin İran xarici işlər naziri Mənuçöhr Möttəki deyib ki, onlar həmin təklifləri qəbul etməyiblər və “altılar”a cavab olaraq verdikləri təkliflərə cavab gözləyirlər. Bir gün əvvəl ABŞ dövlət katibi Kondoliza Rays İranın “altılar”ın təkliflərinə cavab verməyəcəyi təqdirdə daha sərt sanksiyaların işə düşəcəyini bildirmişdi.

Avropadakı mənbələrdən isə bildiriblər ki, artıq Britaniya və Fransa İrana qarşı yeni sanksiyalar haqda müzakirələr aparır. Bu ölkələr Avropa Birliyini də İrana qarşı sərt sanksiyalara əl atmağa çağırıb. Gözlənilir ki, yeni sanksiyalara İrana göndərilən istənilən yükün şübhə doğurması halında yoxlanılmasını nəzərdə tutan tədbirlər də daxil olacaq.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد